Şənbə, 18 May

"Bəyannamə Azərbaycanın milli maraqlarına tam uyğundur" - Deputat

image

"Azərbaycan milli maraqlarına uyğun çoxşaxəli müstəqil siyasət yürüdür. Bu siyasətin əsas amillərindən biri də qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verməklə həyata keçirilməsidir". 

Bunu açıqlamasında deputat Cavid Osmanov deyib. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə bir çox təşəbbüslə çıxış edib və atdığı praktiki addımlarla dünya miqyasında qeyd olunan qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa öz sədaqətini nümayiş etdirib:

"Azərbaycan hər zaman qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Vətən müharibəsində qələbənin qazanılmasında bu amil böyük rol oynayıb. Azərbaycan 2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı. Şuşa Bəyannaməsi hər iki ölkənin parlamenti tərəfindən təsdiq olunub. Bu bəyannamənin imzalanması ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Ümumilikdə Azərbaycan türk dövlətləri ilə əməkdaşlığa böyük önəm verir. Eyni zamanda qonşu Gürcüstan və İranla da çox yüksək münasibət qurulub. Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir və mart ayında Bakıda ikitərəfli təhlükəsizlik dialoqunun keçirilməsi planlaşdırılır. Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanan bir sazişin imzalanmasının bu ilin birinci yarımilində həyata keçirilməsi niyyəti ortalığa qoyulub. Azərbaycan NATO ilə münasibətlərini çox uğurla inkişaf etdirir". 

Deputat qeyd edib ki, Azərbaycanın növbəti diplomatik qələbəsi “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasıdır:

"Bu, tarixi bir hadisədir. Çünki Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkənin prezidentləri arasında qarşılıqlı hörmət və etimad mövcuddur. Nəzərə almaq lazımdır ki, Rusiya təkcə regionun deyil, dünyanın ən nəhəng ölkələrindən biridir. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Tarixən Azərbaycanla Rusiya arasında mədəni, humanitar, iqtisadi əlaqələr mövcud olub ki, bu əlaqələri daha da genişləndirmək imzalanan tarixi sənəddə öz əksini tapıb. Azərbaycan Vətən müharibəsindən sonra bölgədə yeni konfiqurasiya yaradıb. Bu, konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Qələbəmizi siyasi, diplomatik cəbhədə möhkəmləndirmək vacib hadisədir və hər iki bəyannamə birbaşa buna xidmət edir. Moskva Bəyannaməsi Azərbaycan-Rusiya əlaqələrini keyfiyyətcə yeni bir mərhələyə çıxarır. Bu, BMT-nin nizamnaməsinə, digər beynəlxalq sənədlərə, norma və prinsiplərə tam uyğun hazırlanmış sənəddir. Sənədin hazırlanması uzun müddətdir həyata keçirilir və bunun anonsu Prezident İlham Əliyev tərəfindən bir neçə dəfə verilib. Bəyannamədə bir çox sahələri əhatə edən vacib məqamlar var. Burada iqtisadi, humanitar, siyasi və digər sferalarda qarşılıqlı əməkdaşlıq öz əksini tapıb. Bəyannamədə qarşılıqlı olaraq müstəqilliyə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər götürülüb ki, bu da Moskva Bəyannaməsində ən vacib məqamlardır. Qeyd olunub ki, hər iki ölkə müstəqil siyasət yürüdür. Eyni zamanda bəyannamədə 10 noyabr 2020-ci il , 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli - Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə imzalanmış sənədlər də öz əksini tapıb. Bunu Ermənistan üzərinə əlavə bir təzyiq forması kimi qiymətləndirmək olar. Ermənistan tərəfi yuxarıda qeyd olunan bəyanatların bəndlərini qeyd-şərtsiz və təcili icra etməlidir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlarımıza söykənən siyasət yürüdən Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsidir". 

C.Osmanov əlavə edib ki, bəzi "siyasi qruplaşmalar" bu bəyannamənin mahiyyətini ya anlamırlar, ya da bunu bilərəkdən təhrif etməyə çalışırlar:

"Çaşqınlıq yaratmağa çalışırlar ki, guya bu bəyannamə Azərbaycanın müstəqilliyinə təhdiddir və milli maraqlarına uyğun gəlmir. Bəyannamənin bütün bəndlərini oxuduqda bir daha əmin oluruq ki, bu qruplaşmalar Azərbaycanın növbəti diplomatik qələbəsini, dünyada artan nüfuzunu həzm edə bilmirlər. Çalışırlar ki, bu bəyannaməni təhrif etsinlər və vətəndaşlarımıza fərqli formada çatdırsınlar. Bəyannamənin maddələrini oxuduqda açıq şəkildə görünür ki, bu bəyannamə Azərbaycanın milli maraqlarına tam uyğundur. Azərbaycanın müstəqilliyini, dövlət suverenliyini daha da möhkəmləndirir. Belə marginal qrupların Azərbaycanın Vətən müharibəsindən sonra artan nüfuzunu gözləri götürmür. Bəziləri erməni lobbisi tərəfindən verilmiş tezislər üzərindən bu bəyannaməyə qarşı çıxmaq cəhdləri göstərir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41